Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi

29-30 iyun 2017-ci il tarixlərində Bakıda Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi, Təhsil Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının birgə əməkdaşlığı ilə “Universitet və elmi-tədqiqat institutlarında əqli mülkiyyət siyasəti” mövzusunda keçirilən beynəlxalq seminar işə başlayıb


    1. ÜƏMT-nin dəstəyi ilə Azərbaycanın üç dövlət strukturu Müəllif Hüquqları Agentliyi, Təhsil Nazirliyi və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunan “Universitet və elmi-tədqiqat institutlarında əqli mülkiyyət siyasəti” mövzusunda beynəlxalq seminar böyük əhəmiyyət kəsb edir və aktuallı­ğına görə ölkəmizin qarşısında duran yeni, innovasiyalarla bağlı çağırışlara adekvat cavab axtarışı ilə əlaqəlidir. Bu istiqamətdə konfransların keçirilməsinin ənənəyə çevrilməsini qeyd edərək, hal-hazırda ÜƏMT ilə məsələlərə aid böyük əməkdaşlıq Sazişinin bağlanması gözlənilir.

Bununla yanaşı, ali tədris və elm ocaqlarında tədqiqatların tətbiqinin kommersiyalaşması və intellektual məhsulun bazara çıxarılmasına aid MHA tərəfindən bir sıra elmi-metodik göstərişlər və təlimatlar hazırlanaraq, maraqlı tərəflərə çatdırılıb. Həmçinin Müəllif Hüquqları Agentliyi tərəfindən əqli mülkiyyət sahəsində bilik artırma bazası hazırdır və bu çərçivədə 100-ə qədər müxtəlif tədris kursları hazırlanıb və yaradılan smart tipli Treninq Mərkəzi fəaliyyətə başlayıb.

     2. Tədbirin önəmini vurğulayaraq, mövzu ilə bağlı 4 vacib amil göstərilməlidir.

  Birincisi – Azərbaycanın iqtisadi islahatlarının təsiri; ikincisi – dünyanın aparıcı universitetlərindəki transformasiya; üçüncüsü – ƏM-in dəyişmiş rolu və dördüncüsü – istifadəsini gözləyən elmi ehtiyatlarımız və potensialımız.

Amillər sırasında ən vacibi dövlət başçısının yürütdüyü yeni iqtisadi siyasətindədir, atdığımız addımların bu siyasətə xidmət etməsindədir, elm və təhsil ocaqlarının innovativ inkişafdakı yerinin möhkəmləndirməsində və töhvələrinin verilməsindədir. Dünyada baş verən böhranlar fonunda dayanıqlı inkişafı təmin edən Azərbaycan Dünya İqtisadi Forumunun rəqabətqabiliyyətinə görə 37-ci yerə layiq görülərək, hal-hazırda dövlət başçısının təşəbbüsü ilə neqativ tendensiyaları qabaqlamaq məqsədilə iqtisadi islahatlar mərhələsini uğurla keçir. Cənab Prezident İlham Əliyevin neftdən asılılığı azaltmaq, ixracı stimullaşdırmaq, idxaldan asılılığı zəiflətmək, Azərbaycan brendlərini təşviq etmək və ümumilikdə qeyri-neft iqtisadiyyatının inkişafına xidmət edən sərəncam və fərmanları bu sahədə əsaslı dönüş yaratmış və öz bəhrələrini verməkdədir.

Azərbaycan yeni iqtisadi siyasətin mühüm qolu olan innovativ inkişafa qədəm qoyur və iqtisadi motivlər birinci əhəmiyyətli amildir ki, universitet və elmi təşkilatlarda özünəməxsus əqli mülkiyyət siyasəti və texnologiyaların kommersiyalaşması və transferi ön plana çıxarılsın.

     3. İkinci amil isə iqtisadi inkişaf etmiş ölkələrin ali təhsil və elm sistemində radikal transformasiyalarla bağlıdır, universitetlərin innovasiyalı inkişafda və iqtisadi artımda həlledici roludur. Bu isə universitetlərin artıq ənənəvi olan təhsil və elmi missiyaları ilə yanaşı, sürətlə inkişaf edən iqtisadi fəallıq sferasının yaranmasıdır və bu çərçivəyə texnologiyaların işlənməsi və transferi, akademik elmin məhsullarının kommersiyalaşması və bazara çıxarılması, yeni bizneslərin yaranması və nəhayət, gəlir əldə etmək məqsədilə ƏM-in idarə olunması daxildir.

Biliklərə əsaslanan iqtisadiyyatda dünyanın aparıcı universitetləri korporativ subyektlərə çevrilərək, «Universitet 3.0» adını əldə etmişlər, yəni təhsil, elmi tədqiqatlar və biliklərin kommersiyalaşması ocaqları.

Azərbaycan üçün 3.0 Universitetlərin təkəmmülü ciddi sosial və iqtisadi problemdir. Çünki bu növ universitetlər bu gün cəmiyyətin modernləşdirilməsində və bilik iqtisadiyyatına transformasiyasında aparıcı rol oynamalıdırlar, universitetlər dövlət başçısının təşəbbüsü ilə keçirilən iqtisadi islahatların fəal aktorlarına çevrilməlidirlər.

    4. Üçüncü vacib amil isə ƏM-in müasir “biliklər cəmiyyət”ində dəyişmiş rolu ilə bağlıdır.

ƏM-in yeni konteksti onu biliklərə əsaslanan iqtisadiyyatın dominantına, rəqəmsal cəmiyyətin vacib alətinə və mədəni irsin təhlükəsizliyinin təminatçısına çevirib. Təhlillər göstərir ki, son onilliklər ərzində sərvətlərin yaranma mərkəzi maddi aktivlərdən, kapitaldan qeyri-maddi aktivlərə, intellektual kapital tərəfə yönəlir. Bununla rəqabət fokusu dəyişir, investisiya axınlarının vektoru ƏM-ə istiqamətlənir. Belə ki, mikroiqtisadi səviyyədə ötən əsrin 80-ci illərində 5% payı olan qeyri-maddi aktivlər (əsasən ƏM ilə qorunan aktivlər) hal-hazırda «S&500» fond indeksinə daxil olan korporasiyalarda bu rəqəm 80%-ə qədər yüksəlib. Makroiqtisadi səviyyədə dəyişikliklər isə ona gətirib ki, əqli mülkiyyət nöqteyi-nəzərindən tutumlu sahələr inkişaf etmiş ölkələrdəki ÜDM-in yarısına qədər çatıb. ƏM-in dəyişmiş təsir mühiti eyni dərəcədə ƏM-ə və onun roluna olan münasibətdə bizim düşüncə tərzimizin dəyişilməsini tələb edir.

    5. Dördüncü vacib amil yaradılmış infrastrukturumuzdan və elmi potensialımızdan istifadəsini gözləyən ehtiyatlarımızdır!

Qlobal İnnovasiya İndeksində Qİİ-2016 Azərbaycan 85-ci yerdədir, 2017-ci ildə isə 82-ci yerdə. Qİİ-nin Azərbaycanın yeri ilə bağlı bir sıra ziddiyyətləri, hesabatdan irəli gələn uyğunsuzluqları bir kənara qoysaq, aydın olur ki, bizim işləməli ehtiyatlarımız mövcuddur. “İnnovasiya resursları” altindeksində (innovasiya imkanları) 2016-cı ildə 81-ci yeri tutduğumuz halda (2017-ci ildə 78-ci yeri), “innovasiyaların nəticələri” altindeksində müvafiq olaraq, 13 və 12 pillə aşağı nəticə - 94-cü (89-cu) yer müşahidə olunur.

Bununla yanaşı, «innovasiya resursları» altindeksində innovasiyaya aid institutlar 2016-cı ildə 76-cı yerdə, 2017-ci ildə isə 74-cü yerdə olduğu halda, «innovasiya nəticələri» altindeksində «biliklər və texnologiyalar sahəsində nəticələr» 2016-cı ildə 101-ci, 2017-ci ildə isə 104-cü yerdədir.

Deməli, dövlət yaratdığı innovasiya imkanlarımız və işlədiyimiz innovasiya nəticələrimiz arasındakı fərqin səbəblərindən biri texnologiyaların universitetlərdə və elmi institutlarda zəif kommersiyalaşmasıdır. Halbuki, dövlətimiz tərəfindən infrastruktur yaradılıb, qərarlar verilib, imkanlar təqdim olunub və ölkəmizin kifayət qədər zəngin elmi və təhsil potensialı mövcuddur. Həqiqətən, Dünya Davos İqtisadi Forumunun Rəqabətqabiliyyətlilik İndeksinə (Global Competitiveness Index 2016-2017) nəzər salsaq, görürük ki, Azərbaycan innovasiyalar bazis göstəricisinə görə, MDB məkanında 1-cidir (dünyada 49-cu yer), əsasən ona görə ki, «innovasiya imkanları» çox yüksəkdir: dünya miqyasında 42-ci yer. «Elmi-tədqiqat təsisatlarının keyfiyyəti» indeksinə görə, Azərbaycan 68-ci yeri tutur. Üstəlik, ƏMH-nın qorunmasına görə dünyada 68-73-cü yerləri tutaraq, MDB məkanında lider üçlüyündədir.

Təbiidir ki, texnologiyaların kommersiyalaşması universitetlər, institutlar və sənaye arasındakı ikitərəfli yoldur və biznes strukturları, iş adamları qarşısında elmi nəticələrin tətbiqinə aid mühüm vəzifələr durur. Belə ki, Davos İqtisadi Forumunun (2016-2017-ci illər) hesabatında Azərbaycanın “investorların qorunması” altindeksi 36-cı yerdə olaraq, “investisiya cəlbediciliyi” (vençur və xüsusi kapital) göstəricisi 125 ölkə arasında 104-cü yerdədir.

    6. Təhlil göstərir ki, imkanlarımız çoxdur və Azərbaycanda 3.0 universitetlərin formalaşmasında atılan müəyyən addımlar bu prosesi tezləşdirməlidir.

Birincisi, qəbul edilmiş «Elm haqqında» Qanuna uyğun olaraq, universitetlər və elmi-tədqiqat institutları (AMEA sistemi) publik hüquqi şəxslərə çevrilib və onların nümunəvi nizamnaməsinin təsdiqi ardıcıl olaraq həyata keçirilir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Bakı Mühəndislik Akademiyasının, Azərbaycan Dillər Universitetinin, Bakı Dövlət Universitetinin və Azərbaycan Dövlət İqtisad Universitetinin publik hüquqi şəxsə çevrilməsi ilə bağlı cənab Prezident İlham Əliyevin Sərəncamları və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Elmi tədqiqat institutunun məşğul olmasına yol verilən sahibkarlıq fəaliyyəti növlərinin müəyyən ediməsi haqqında” Qərarı.

İkincisi, Prezident İlham Əliyevin 2016-cı il 13 iyul tarixli və 2017-ci il 2 iyun tarixli Sərəncamlarına əsasən, Azərbaycan Respublikasında biznes mühitinin əlverişliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqelərinin daha da yaxşılaşdırılması ilə bağlı Tədbirlər Planı çərçivəsində texnologiyaların transferi və kommersiyalaşmasına aid bir sıra addımlar, o cümlədən texnologiyaların kommersiyalaşma mərkəzlərinin yaradılması nəzərdə tutulub.

Üçüncüsü, Təhsil Nazirliyinin və ardınca AMEA-nın atdığı addımlar nəticəsində Tomson-Reuters nəşrlərində və sitatlanma H-indeksinə görə, Azərbaycan universitetləri son illərdə 9-cu yerdən bir neçə pillə qalxaraq, öz vəziyyətini yaxşılaşdırıblar, hətta “Tətbiqi və Hesablama Riyaziyyatı” jurnalımız Thomson Reuter sistemində MDB lideridir.

Dördüncüsü, Təhsil Nazirliyi, Müəllif Hüquqları Agentliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Elmin İnkişafı Fondunun iştirakı və ÜƏMT ilə birgə «Universitetlərdə ƏM siyasəti» Anlaşma Sazişi bağlanılır, bu istiqamətdə bu gün 3-cü beynəlxalq konfrans keçirilir, elmi təsisatlar üçün bir sıra metodik sənədlər və broşürlər hazırlanaraq, paylaşdırılıb. Artıq nəticələr də görünməyə başlanıb: aparıcı ali məktəblərdə startaplar, inqubatorlar, kommersiyalaşma mərkəzləri yaradılır, startaplar müsabiqələri keçirilir, start-ap festivalları təşkil olunur, AMEA-da texnopark fəaliyyətə başlayıb və s.

Cənab Prezident İlham Əliyevin “...İqtisadiyyatımızın davamlı inkişafı, biliklərə əsaslanan cəmiyyətin formalaşdırılması və insan kapitalına investisiyaların qoyuluşu yaxın perspektiv üçün başlıca strateji məqsədlərimizdəndir” fikrini əsas götürərək, ümüdvarıq ki, texnologiyaların kommersiyalaşmasında, elmi tədqiqatların tətbiqində universitetlərimiz və elmi-tədqiqat institutlarımız layiqli töhvə verməkdə güclərini əsirgəməyəcək.

 

***

Statistik göstəricilər

 

Müəllif Hüquqları Agentliyi tam kompüterləşmiş, tərkibində müasir texnologiyalara əsaslanan avadanlıq və mətbəə ilə təchiz edilmiş Smart-tipli Treninq Xidməti, distant təhsil alma və əlaqələndirmə BigBlueButton və TrueConf Online sistemləri olan, nəzarət markalarının hazırlanması və izlənməsini həyata keçirən Hüquqların Təminatı Mərkəzi, Rəqəmli hüquqların idarəçilik sistemi olan E-hökumət portalına qoşulan, “960” qaynar xətti və ictimai əsaslarla fəaliyyət göstərən “Hüquq məsləhətxanası”na malik olan dövlət orqanıdır.

Əsərlərin rəsmi qeydiyyatının tətbiq edildiyi 1996-cı ildən 2017-ci ilin birinci rübünədək Agentlikdə 10989 əsər və əlaqəli hüquqların obyektləri, o cümlədən son vaxtlar “Elektron xidmət” bölməsi vasitəsi ilə 81 müəllifin 152 əsəri qeydiyyatdan keçirilmişdir.

Ölkəmiz, həmçinin piratçılığa qarşı beynəlxalq səviyyədə mübarizənin fəal iştirakçılarından biridir. Aidiyyəti dövlət qurumları ilə birlikdə keçirilən müvafiq tədbirlər nəticəsində 2005-ci illə müqayisədə kitab satışı sahəsində 61%-dən 29%-ə, audio-video məhsul bazarında 90%-dən 65%-ə, proqram təminatında 96%-dən 84%-ə düşmüşdür.

Ölkəmizdə aparılan islahatlar çərçivəsində Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 24 noyabr 2016-cı il tarixli 1125 nömrəli Fərmanının icrası ilə  bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 noyabr 2016-cı il tarixli 633s nömrəli Sərəncamı ilə əlaqədar, Agentlikdə publik hüquqi şəxslər barədə dünya təcrübəsi öyrənilmiş, təhlil edilmiş, müqayisələr aparılmış və araşdırmaların nəticəsi olaraq “Publik hüquqi şəxslər haqqında qeydlər (kontinental Avropa və postsovet məkanının bir sıra ölkələrinin təcrübəsi)” adlı kitabça buraxılmışdır. Həmin  Sərəncamın icrası ilə bağlı “Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin Nizamnaməsi“nin layihəsi, həmçinin publik hüquqi şəxslərin hüquqi təminatı ilə bağlı bir sıra qanunvericilik aktlarına dəyişiklik edilməsi barədə 10 sənəd layihəsi hazırlanaraq müvafiq qaydada Nazirlər Kabinetinə təqdim edilmişdir.

 Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanından irəli gələn tapşırıqların icrasını təmin etmək məqsədilə Agentliyin www.copag.gov.az saytında təkmilləşdirmə işləri davam etdirilmiş, Elektron xidmət bölməsindən istifadə asanlaşdırılmış, digər dövlət orqanları ilə mübadilə üçün nəzərdə tutulan “Qeydiyyat” elektron məlumat bazası yeni texniki tələblər və proqram təminatı nəzərə alınmaqla tamamilə yenidən yaradılmış və hazırda onun "Elektron hökumət" portalına inteqrasiyası üzrə işlər başa çatdırılmışdır, həmçinin “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Qanunun icrası ilə əlaqədar yeni elektron xidmətlərin yaradılması üzrə tədbirlər davam etdirilir.

Bununla yanaşı, Azərbaycan mədəni irsinin daha səmərəli qorunub saxlanmasının təmin edilməsi məqsədi ilə folklor musiqisinə aid Agentlikdə yaradılmış “Folklor” elektron bazasının "Elektron hökumət" portalına inteqrasiyası ilə bağlı işlər aparılır.