2018-ci il 24 sentyabr – 2 oktyabr tarixlərində İsveçrənin Cenevrə şəhərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının üzv dövlətlərinin Baş Assambleyasının 58-ci sessiyası keçiriləcək
2018-ci il 24 sentyabr – 2 oktyabr tarixlərində İsveçrənin Cenevrə şəhərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) üzv dövlətlərinin Baş Assambleyasının 58-ci sessiyası keçiriləcək. Tədbirdə iştirak etmək üçün Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi də dəvət edilir.
Baş Assambleyanın builki iclaslarının gündəliyinə bir sıra beynəlxalq və milli əhəmiyyətli məsələlər, ÜƏMT komitələrinin, o cümlədən ölkəmizin də üzvü olduğu Koordinasiya Komitəsinin və Proqram və Büdcə Komitəsinin hesabatları və digər məsələlər daxil edilmişdir. Eyni zamanda Əqli Mülkiyyət Agentliyinin nümayəndəsinin vitse-prezidenti seçildiyi “ÜƏMT-nin Müəllif Hüququna dair Müqaviləsi”nin Assambleyasının iclaslarının da keçirilməsi gözlənilir.
Bununla yanaşı, Baş Assambleyanın iclaslarının keçirildiyi günlərdə ölkəmizin zəngin mədəni irs nümunələrinin təbliğ edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Cenevrədəki BMT Bölməsi və digər Beynəlxalq Təşkilatlar yanında Daimi Nümayəndəliyi ilə birgə 25 sentyabr 2018-ci il tarixində ÜƏMT-nin mənzil-qərargahında təbliğat xarakterli mədəni tədbir keçiriləcəkdir.
Tədbirdə xalqımıza məxsus coğrafi mənşəyə malik milli mədəni irs nümunələrindən xalça, kəlağayı, dolma və paxlavanın nümayiş etdirilməsi üçün sərginin təşkil olunması, həmçinin milli mətbəx nümunələrimizdən ibarət ziyafət verilməsi nəzərdə tutulur. Tədbirin yüksək səviyyədə keçirilməsi üçün Əqli Mülkiyyət Agentliyi tərəfindən zəruri hazırlıq işləri görülmüşdür.
Baş Assambleyanın iclaslarında müzakirə ediləcək məsələlər Azərbaycan Respublikasının əqli mülkiyyət sahəsi üçün vacibdir və qeyd olunan tədbir geniş təbliğati əhəmiyyətə malikdir.
17/09/2018