Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi

2017-ci il 13-14 dekabr tarixlərində Bakıda “Müəllif hüququna hörmətin aşılanması və rəqəmsal mühitdə piratçılığa və kontrafaktçılığa qarşı mübarizə” mövzusunda beynəlxalq konfrans keçirilmişdir


2017-ci il 13-14 dekabr tarixlərində Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi təşkilatçılığı və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının dəstəyi ilə Bakıda “Müəllif hüququna hörmətin aşılanması və rəqəmsal mühitdə piratçılığa və kontrafaktçılığa qarşı mübarizə” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Ölkəmizin yüksək səviyyəli hökumət rəsmilərinin, deputatların, aidiyyəti qurumların nümayəndələrinin, ÜƏMT-nin yüksək səviyyəli rəsmilərinin, Böyük Britaniya, Qazaxıstan, Qırğızıstan və Özbəkistandan olan nümayəndələrin, mütəxəssislərin və maraqlı şəxslərin qatıldığı bu tədbirin  əsas məqsədi müəllif hüququna hörmətin aşılanması və rəqəmsal mühitdə piratçılığa qarşı atılan addımlara dəstək verilməsindən ibarət olmuşdur.

Tədbiri giriş sözü ilə açan Müəllif Hüquqları Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov ikigünlük regional beynəlxalq konfransın müəllif hüququna hörmətin aşılanması və rəqəmsal mühitdə piratçılığa və kontrafaktçılığa qarşı mübarizə məsələlərinə həsr olunduğunu və tədbirdə təqdim olunacaq məruzələrin, aparılacaq müzakirələrin əhəmiyyətini vurğulayaraq qeyd etmişdir ki, tədbirdə tanınmış beynəlxalq ekspertlər tərəfindən piratçılığa qarşı mübarizəni gücləndirən yeni yanaşmalar, müasir üsul və metodlar təqdim ediləcək, bu sahədə beynəlxalq aləmdə mövcud olan hüquqi mexanizmlərin təsirliliyi və tətbiqi, o cümlədən Azərbaycanın məhkəmə təcrübəsi diqqət mərkəzində olacaq. Bu mövzular  müxtəlif  “dəyirmi masa”larda da müzakirə ediləcək. Onlardan biri də Azərbaycanda böyük nailiyyətləri olan kreativ industriya, yəni müəlliflik hüququna əsaslanan sənayeyə həsr olunacaq.

 K.İmanov Azərbaycan dövlətinə olan dostluq munasibətlərinə və tədbirin keçirilməsinə verdiyi dəstəyə görə ÜƏMT-nin Baş direktoru d-r F.Qarriyə minnətdarlığını ifadə etdi, həmçinin tədbirə qatılan ÜƏMT rəsmilərini və xarici ölkələrdən gəlmiş qonaqları salamlayıb, iştiraklarına görə minnətdarlığını bildirdi. 

Çıxışına davam edərək, K.İmanov dedi ki, dövlət başçımız cənab İlham Əliyevin səyləri nəticəsində Azərbaycan getdikcə yeniləşir, iqtisadi islahatları reallaşdıran, iqtisadiyyatını diversifikasiya edən və innovativ inkişafa yol açan dövlətə çevrilir. O qeyd etdi ki, 2009-cu ildən başlayaraq, Azərbaycan yuxarı-orta gəlirli ölkələr sırasındadır. “Bu gün Azərbaycan özünə hörmətlə yanaşan, partnyor-dövlətlər arasında etibarlı tərəfdaş adını qazanan, tolerantlıq və multikultural ənənələri ilə səciyyələnən bir ölkədir, nüfuzlu beynəlxalq tədbirlərin meydançasıdır.

K.İmanov vurğuladı ki, Azərbaycan reallıqları ölkənin qlobal reytinq göstəricilərinin yüksəlməsi ilə müşayiət edilir. Belə ki, Dünya İqtisadi Forumunun 2017-2018-ci illər üçün Qlobal Rəqabətqabiliyyətlilik İndeksinə əsasən, Azərbaycan öz mövqeyini möhkəmləndirərək, 37-ci yerdən 35-ci yerə yüksəlmiş və bu göstəriciyə görə bir sıra inkişaf etmiş ölkələri üstələyərək, MDB məkanında şəriksiz liderdir.

O, həmçinin qeyd etmişdir ki, ölkə miqyasında aparılan islahatlar əqli mülkiyyət sahəsinə də öz müsbət təsirini göstərir: Rəqabətqabiliyyətlilik İndeksinin “Əqli mülkiyyətin qorunması” alt göstəricisi üzrə Azərbaycan 4,8 bal toplayaraq 37-ci yeri tutur.

Bununla da Azərbaycan ötən dövrlə, 2016-2017-ci illərlə müqayisədə “Əqli mülkiyyətin qorunması” göstəricisi üzrə tutduğu 71-ci yerdən 34 pillə yüksələrək, MDB ölkələri sırasında lider mövqeyini möhkəmləndirmişdir. “Əqli mülkiyyətin qorunması” ilə bağlı olan “İnnovasiyalar” mövqeyi üzrə Azərbaycan 33-cü yeri tutaraq, yenə də MDB məkanında liderdir.

Çıxışına davam edərək, K. İmanov qeyd etmişdir ki, cənab Prezident İlham Əliyevin səyləri ilə ölkədə aparılan institusional islahatlar nəticəsində Müəllif Hüquqları Agentliyi yeni statusla bugünkü konfransda iştirak edir. Belə ki, Agentlik dövlət başçısı tərəfindən təsis edilən, dövlət və ictimai əhəmiyyət kəsb edən, işçiləri dövlət qulluqçularına bərabər tutulan və mərkəzi icra hakimiyyəti orqanı statusunda təminatları olan, müəlliflik hüququ, əlaqəli hüquqlar, Azərbaycan folkloru nümunələrinə (ənənəvi mədəni nümunələrə) və digər qeyri-maddi mədəni irs nümunələrinə, inteqral sxem topologiyalarına və məlumat toplularına əqli mülkiyyət hüquqları sahəsinin inkişafını təmin edən, bu sahədə vahid tənzimləməni və nəzarəti həyata keçirən və fəaliyyəti əlaqələndirən publik hüquqi şəxsdir. O  vurğulamışdır ki, “elə bu çox aktual mövzulu tədbirin Bakıda keçirilməsini böyük məmnunluq hissi ilə Prezident İlham Əliyevin səyləri nəticəsində Azərbaycanın müəllif-hüquq sisteminin inkişafının beynəlxalq strukturlar tərəfindən etirafı, gələcək nailiyyətlərə dəstək verməsi kimi qəbul edirik”.

K.İmanov onu da demişdir ki, Azərbaycanın müasir dövrdə 5 qanundan, (o cümlədən “Əqli Mülkiyyət Hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə” haqqında Qanun), 100-ə qədər normativ-hüquqi sənədlərdən ibarət müəllif-hüquq bazası mövcuddur. Ölkəmizin kreativ iqtisadiyyatının (müəlliflik və əlaqəli hüquqlara əsaslanan sənaye) ÜDM-dəki payı 5%-i ötüb, dünyanın orta səviyyəsindədir, hətta bir sıra inkişaf etmiş ölkələri geridə qoyur. Piratçılığa qarşı görülən tədbirlər nəticəsində 2005-ci illə müqayisədə piratçılığın səviyyəsi kitab satışı sahəsində 61%-dən 29%-ə, audio-video məhsul bazarında 90%-dən 65%-ə, proqram təminatında 96%-dən 75%-ə düşmüşdür.

Onun sözlərinə görə, “Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Rəhbər Koordinasiya və Büdcə Komitələrində təmsil olunması, həmkarlarımızın beynəlxalq ekspert səviyyəsində çıxış etməsi və nümayəndəmizin Müəllif hüququna dair ÜƏMT Müqaviləsinin Assambleyasının vitse-prezidenti seçilməsi bütün beynəlxalq müqavilələrdə iştirak edən, 24 illik inkişaf yolu keçmiş müstəqil Azərbaycanın müəllif-hüquq sisteminə verilən yüksək qiymətin bariz nümunəsidir”.

Müəllif Hüquqları Agentliyinin İdarə Heyətinin sədri onu da açıqladı ki, hal-hazırda Müəllif Hüquqları Agentliyi tam kompüterləşmiş, tərkibində müasir texnologiyaları və avadanlığı, SMART-təlim distant sistemi, müasir Hüquqların Təminatı Mərkəzi və Rəqəmli Hüquqların İdarə Olunması Xidməti, yeni tələblərə uyğun olan mətbəə ilə təchiz edilmiş və “Elektron Hökumət” portalına qoşulmuş, 5 növ dövlət xidmətlərini həyata keçirən strukturdur.

Müəllif hüquqları sahəsinin gələcəyi barədə fikirləri ilə bölüşən K.İmanov vurğulamışdır ki, xüsusilə əhəmiyyətli olan bu sistemin Prezident İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan 2020: Gələcəyə baxış” Konsepsiyasında özünəməxsus yer almasıdır. “Əqli mülkiyyət prioritet istiqamət kimi qəbul edilmiş və həmin unikal sənədin 6 bəndində əqli mülkiyyət sisteminin qarşısında qoyulmuş mühüm vəzifələr, xüsusən də piratçılığa qarşı addımlar öz əksini tapmışdır.

Cıxışına davam edərək, K.İmanov vurğuladı ki, yaşadığımız dövr texnologiyaların sıçrayışı dövrü, cəmiyyətin həyatında və iqtisadiyyatın inkişafındakı əhəmiyyətli texnoloji dəyişikliklər zamanıdır. Rəqəmli inqilabın nəticələri bütün sahələrdə yeni reallıq formalaşdırmış və rəqəmsal innovasiyalar “rəqəmsal imperativ” adlanan, yəni rəqəmsal texnologiyaların xüsusiyyətlərindən irəli gələn davranış qaydası yaradaraq, yeni tələblər irəli sürür. Üstəlik, rəqəmli məkanda informasiya axını həndəsi proqressiya sürəti ilə artır, belə ki, hər gün 2,5 kvintilyon bayt həcmində verilənlər artmaqdadır: “Bu isə o deməkdir ki, dünya miqyasında verilənlərin 90%-i yalnız son 2 ildə yaradılmışdır”.

Onun sözlərinə görə, “Yeni reallıq hüquqların kütləvi pozulmasına gətirib. Beynəlxalq sahə strukturlarının piratçılıq və kontrafaksiyanın miqyasına aid rəqəmlərə nə qədər ehtiyatla yanaşsaq da, onların miqyas göstəriciləri narahatlıq doğurmaya bilməz”, ICC (Beynəlxalq Ticarət Palatası) tərəfindən yaradılan BASCAP (Piratçılığa və kontrafaktçılığa qarşı Biznes-Koalisiya) və INTA (Əmtəə Nişanları üzrə Beynəlxalq Assosiasiyası) 2017-ci il tədqiqatlarına əsasən, göstərilir ki, əgər 2011-ci ildə pirat və kontrafakt məhsulların həcmi ildə 650 mlrd. ABŞ $-a çatırdısa, 2015-ci ildə 1,8 trln. ABŞ $-a qədər artıb. OECD-nin (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) məlumatına əsasən isə, 2013-cü ildə saxta və pirat məhsulları ilə ticarətin həcmi beynəlxalq ticarətin 2,5 %-i qədərdir (461 mlrd. ABŞ $), yəni 2008-ci illə müqayisədə 80% artmışdır. Frontier təşkilatının BASCAP üçün təqdimatındakı proqnozlar əsasında isə bildirilir ki, 2022-ci ildə bu rəqəm 991 mlrd. ABŞ $-a çatmalıdır. Bu təşkilatın məlumatına görə, musiqi və softverdə olan rəqəmli piratçılığın həcmi həmin müddətdə 213 mlrd. ABŞ $ idi və 2022-ci ildə 856 mlrd. ABŞ $-a çatmalıdır. Həmçinin, rəqəmli piratçılığın ən yayılmış üsulu P2P şəbəkələridir və 2015-ci ildə bu şəbəkə vasitəsilə 47,8 mlrd. qeyri-qanuni film yüklənməsi müşahidə olunub, BitTorrent şəbəkəsi vasitəsilə isə 2015-ci ildə 27,4 mlrd. qeyri-leqal musiqi treklərinin yüklənməsi aparılıb. K.İmanov qeyd etdi ki, “bunlar müəllif hüquqlarının qorunmasında, əqli mülkiyyət sahəsində mütləq nəzərə alınmalıdır”.

“Diqqət yetirək, beynəlxalq səviyyədə piratçılığa qarşı mübarizə illər boyu gedir, lakin dünya miqyasında həyata keçirilən tədbirlər, o cümlədən hüquqi addımlar hələlik istənilən səmərəliyi vermir: hüquqlar pozulmaqda qalır. Mübarizənin daha əlverişli nəticələrini əldə etmək üçün “rəqəmli imperativ”in tələbləri nəzərə alınmalı, onun hüquqi tənzimləmə mexanizminə olan təsiri araşdırılmalıdır. Əqli mülkiyyət sahəsinə gələrək, etiraf etməliyik ki, ƏM-in dövriyyəsinə aid üsullar və alqoritmlər, hüquqların müdafiəsi ilə bağlı ənənəvi tədbirlər rəqəmli mühitdə mexaniki surətdə tətbiq oluna bilmir. Üstəlik, qorunan ənənəvi əsər və rəqəmsal şəklə çevrilən, yəni qorunan kontent arasında fərq var. Bir tərəfdən, kontent informasiya təbiətinə görə özünə xas olan dövriyyəni təşkil edir və qaydalarla yaşayır, digər tərəfdən isə - müəlliflik hüququ ilə qorunan əsərin forması zəifləyir və kontentin mahiyyətinə uyğun olaraq əsərin məzmununun rolu artır”.

K.İmanovun təbirincə, “iradəmizdən asılı olmayaraq, əşya çərçivəsindən azad olunan, müəlliflik hüququ ilə qorunan kontent fərdi qaydada davranır və bu, bir tərəfdən, müsbət haldır: əsərlərin istifadəsi qloballaşır və bununla ƏM hüquqlarına tələbat artır. Digər tərəfdən, qeyri-qanuni istifadə də artır, hüquqların pozulması nəzarət dairəsindən çıxır”.

Fikrini davam edərək, o dedi ki, “bildiyiniz kimi, hüquq yüzilliklər də olmasa, onilliklər boyu müəllif hüququ sahəsində siyasətin formalaşdırılmasında əsas vasitə hesab edilirdi. Lakin rəqəmsal mühitdə o kifayət qədər sərt, hətta məhdud bir vasitəyə çevrilir. Çünki müəllif hüququnun ərazi prinsipi fiziki aləmdəki təsirindən fərqli olaraq, rəqəmsal mühitdə, onun hərəkət həcminə və beynəlxalq çoxyurisdiksiyalı xüsusiyyətinə görə, zəifləmişdir. Onun olduğu bu ərazi qəfəsindən isə iqtisadi və texnoloji institutlar artıq çıxıblar. İnternet mədəniyyəti bu gün elə bir durumdadır ki, onun təklif etdiyi platformalar davranışlara hüquq səviyyəsində, hətta ondan da artıq dərəcədə təsir edirlər”.

“Bir sözlə, müəllif hüququ sahəsində hüququn son hakim, atribut olaraq özünün mövqeyini qoruması üçün, o, bu platformalara və onların yaratdığı  İnternet mədəniyyətinə yol açmalıdır. Və bu, ənənəvi Copyright-ın böhran vəziyyətini yalnız cəzalandırmanın sərtləşməsinə arxalanan qaydaların arzu edilən nəticələrə gətirməməsi ilə təsdiqlənir. Heç də təsadüfi deyil ki, bu prinsiplərə əsaslanan, ACTA, PIPA və SOPA tipli piratlığa qarşı mübarizə üzrə beynəlxalq və milli qanunverici təşəbbüslər hələ də qüvvəyə minməyib, HADOPI fransız qanununun təsiri isə dayandırılmışdır”, - deyə, o vurğulamışdır.

Agentliyin İdarə Heyətinin sədri daha sonra demişdir ki,  Vikipediya, Facebook, Myscape kimi, Web-2.0 çərçivəsində olan İnternet-servislər və platformalar, Youtube, yaxud Flickr bloqlar (Twitter), pirinq şəbəkələri P2P, fayl mübadiləsi şəbəkələri (Bit Torrent) kimi və s. istifadəçi kontenti üçün olan platformalar informasiya mübadiləsi üzrə əlaqələri genişləndirir və müəllif hüquqlarının pozulmasını asanlaşdırır. Konkret istifadəçiyə yönəlmiş və “buludlu” hesablamalarla təchiz edilmiş qüvvəyə minən  Web-3.0 isə daha çox inteqrasiya və transsərhəd informasiya məkanını təmin edəcək və buna görə də vəziyyəti daha da gərginləşdirəcək.

“Bir sözlə, rəqəmsal texnologiyalar istifadəçilər üçün əlçatan üstünlüklər gətirib, hüquq sahibləri ilə aralarındakı tarazlıq istifadəçilərin xeyrinə pozulmuşdur”, - deyə, o qeyd etmişdir.

K. İmanov onu da vurğuladı ki, hüquq sahiblərinə münasibətdə əsərlərinin istifadəsi ilə bağlı həyata keçirilən siyasətin fövqündə ölkə başçısının formalaşdırdığı sosial yönümlü dövlət durur. “Bu isə o deməkdir ki, müəlliflərə çatası qonorar vaxtında dəqiq və şəffaf formada icra olunmalıdır. Hökumətin yeniləşmiş qərarı da istifadəçi təşkilatlar tərəfindən əsərlərin qonorar ödənilməklə yayılmasına və mütləq şəkildə müəlliflərin haqqına hörmətlə yanaşılmasına xidmət edir. Bu qərar müəllif əsərlərinin bütün istifadə məkanlarına aiddir. Məsələyə aydınlıq gətirmək üçün Agentlik tərəfindən mediada bir sıra izahedici məqalələr, TV-verilişləri təşkil edilib, restoran və toy meydançaları üçün xüsusi bukletlər hazırlanıb. Bir sözlə, müəlliflərə əsərlərindən istifadənin dəyəri qaytarılmalıdır. Bir daha bəyan edirik ki, əsərləri istifadə edən təşkilatlar qonorar yığan müəllif təşkilatları ilə lisenziya sazişləri bağlamalı və onlara riayət etməlidirlər”, - deyə, o fikrini tamamlamışdır.

Bununla yanaşı, K.İmanov onu da qeyd etmişdir ki, mütəxəssislərin fikrincə, ictimai təşkilatların mövcud kollektiv idarə sistemi müasir tələbləri ödəmir. O ki qaldı əsərlərin rəqəmsal şəbəkədə istifadəsinə, onlar nəzarətdən kənardır. Bu səbəblərə görə Agentlik tərəfindən İnternetdə rəqəmli hüquqların idarə edilməsi sistemi yaradılıb və istifadəyə verilir, hazırda bu sistemin daha da təkmilləşdirilməsi məqsədilə blokçeyn texnologiyasına əsaslanan xüsusi platforma yaradılır. “Bu müasir texnologiya kollektiv idarəetmədən daha əlverişli və ədalətli olan əsərlərin fərdi idarəetməsinə müasir texnoloji imkanlar əsasında qaytarılması deməkdir. Blokçeyn-texnologiyası, bir tərəfdən, hamıya əlçatımlı olan əsərlərin reyestri və istifadə şərtlərini təqdim edir, şəbəkə iştirakçılarına fərdi qaydada istifadəni təşkil etmək və bununla müəllif qonorarının ödənilməsini optimallaşdırır, şəffaflaşdırır və hər bir ödəmə əməliyyatını yoxlamaq imkanını yaradır. Digər tərəfdən, vasitəçiləri aradan götürür, etimadı artırır və piratçılığa qarşı böyük sipər qoyur”.

K.İmanov tədbirdə xarici qonaqların iştirakını nəzərə alaraq, demişdir: “Azərbaycanın rastlaşdığı bir xüsusi növ piratçılıq haqqında danışmaya bilmərəm – söhbət erməni-hay plagiatçılığından, mənimsəmə və özününküləşdirməsindən və saxtakarlıqlarından gedir. Bir sözlə, söhbət xalqımıza məxsus olan əqli mülkiyyətin qorunmasından gedir”.

Onun sözlərinə görə, “əcdadlarımızın bizə vəsiyyət etdiyi zəngin mədəni irsin təhriflərdən, mənimsəmə səylərindən müdafiəsi məsələsi bu gün maddi-mənəvi dəyərlərin qorunması çərçivəsindən çıxaraq, siyasi-hüquqi problemə çevrilmişdir”. “Odur ki, maddi-mənəvi dəyərlərin, qədim mədəniyyət nümunələrinin mənimsənilməsi faktları qloballaşma prosesini müşayiət edən «zərərsiz plagiat» cəhdləri kimi dəyərləndirilməməlidir. Bu gün ermənilər tərəfindən qonşu xalqlara, xüsusən azərbaycanlılara xas qədim abidələrin, folklorun, xalq musiqisinin, mətbəx nümunələrinin, xalçaların, rəqslərin, eləcə də musiqi alətlərinin məqsədli şəkildə mənimsənilmə cəhdləri heç də «mədəniyyətlərarası inteqrasiya prosesi»nin təzahürü deyildir”, deyə, o vurğulamışdır ki, “belə səylərin arxasında siyasi maraqların dayanması birmənalıdır. Məqsəd azərbaycanlılara məxsus maddi və qeyri-maddi mədəniyyət irsini, folklor nümunələrini, ənənəvi bilikləri özününküləşdirməklə, hayların güya Cənubi Qafqaz regionunun “avtoxton”, «ən qədim köklü sakinləri» olması, «Böyük hay mədəniyyəti», «Böyük Ermənistan» xülyasının gerçəkləşdirilməsinə dair saxta «faktoloji materiallar» toplamaq və bu barədə beynəlxalq ictimaiyyətdə yanlış rəy yaratmaqdır”.

“Bir sözlə, erməni plagiatının kökləri ərazi iddiaları ilə sıx əlaqəlidir, işğal edilmiş Azərbaycan torpaqlarını imkan çərçivəsində özündə saxlayaraq, digər torpaqlara göz dikməkdədir. Lakin o da bir həqiqətdir ki, Azərbaycan folklorunun və ənənəvi biliklərinin oğurlanması ilə yanaşı, erməniçilik folklor yaradıcılığının bir növünə – mif yaradıcılığına çox meyllidir, bu bir növ «milli istedaddır»”, - deyə, davam edən K.İmanov bildirmişdir: “Bu yeni yaradılan mifologiya “böyük torpaqlar” stereotipini və qonşulara qarşı ərazi iddialarını bir-birinə bağlayır, məhz bu mifologiya qonşuların mədəni irsinin mənimsənilməsinə “təbiilik” verir, hətta “legitimlik” gətirir. Nəhayət, məhz bu, erməni xadimlərinin – istər siyasətçi, istər alim, istərsə də kütlə olsun, əxlaqını təyin edir. Ermənilərin “müstəsnalığı” haqqında yaradılmış mif və xarici aləm üçün “əzabkeşlik” tezisindən irəli gələn ambisiya və iddialar erməniçilik düşüncəsində təbii olan adilik rolunu hər cür aradan götürməyə çalışır, ermənilərin “xüsusi missiya”sının irəli sürülən stereotipi isə beynəlxalq hüququn müasir sülh quruculuğunun təməl daşı kimi tanınmasına maneə törədir”.

K.İmanovun qənaətinə görə, “bu tendensiya çox xətalıdır, beynəlxalq cəmiyyətin firavan gələcəyi üçün bəlalı və problemlər yaradan bir fəsaddır. Odur ki, «Azərbaycan mədəni ənənələrinin özününküləşdirilməsi erməni-hay ənənəsi» və onun müasir residivlərinə sipər çəkilməlidir və çəkilir”.

Davam olaraq, Agentliyin İdarə Heyətinin sədri demişdir ki, “hay-erməni saxtakarlıqlarını və uydurmalarını və erməniçilik mifomaniyasını qədim mətnlər və klassik mənbələrdəki tarixi sübutlarla, elmi dəlillərlə və danılmaz faktlarla ifşa etmək missiyası davam etdirməlidir və Agentlik bu barədə onlarla kitab və broşuralar hazırlayaraq, mütəxəssis və cəmiyyət nümayəndələri arasında yayıb. “Bununla yanaşı, digər əməli addımlar da atılmalıdır və atılır. Belə ki, 2003-cü ildə folklor nümunələrimizin hüquqi cəhətdən qorunması haqqında ölkəmizdə analoqu olmayan qanun qəbul edilmişdi. Azərbaycanın folklor nümunələrinin plagiata uğramasının əsasən Azərbaycandan kənarda baş verdiyini nəzərə alaraq, sözügedən Qanunun icrası ilə bağlı qərar qəbul edilmişdir ki, xarici dövlətlərin hüquqi və fiziki şəxsləri Azərbaycan folklor nümunələrindən kommersiya məqsədləri ilə istifadəyə görə mütləq şəkildə Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyindən icazə almalıdırlar, Agentlikdə artıq milli irsimizin xəzinəsi sayılacaq zəngin “Folklor” elektron məlumat bazası yaradılmışdır. Bu nümunələri qorumaq üçün tərəfimizdən folklor nümunələrinin qeydiyyatı ilə bağlı qaydalar hazırlanmışdır. Burada əsas məqsədimiz folklor nümunələrinin qeydiyyata alınması yolu ilə onların “pozitiv”, yəni əqli mülkiyyət rejimində və “müdafiəli” qorunmasını, yəni üçüncü şəxslər tərəfindən əqli mülkiyyət hüquqlarının alınmayacağını və qorunmasını, təmin etməkdir”.

O, həmçinin bildirmişdir ki, Müəllif Hüquqları Agentliyinin cənab Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş yeni Nizamnaməsində vacib fəaliyyət istiqaməti kimi “əqli mülkiyyət hüquqları obyektlərinin, o cümlədən Azərbaycan xalqına məxsus olan folklor nümunələrinin (ənənəvi mədəni nümunələrin), ənənəvi biliklərin və digər qeyri-maddi mədəni irs nümunələrinin hüquqi qorunmasının təmin edilməsi, onların mənimsənilməsinin və onlardan istifadə ilə bağlı hüquqların pozulmasının qarşısının alınması və bununla bağlı müvafiq tədbirlər görülməsi” nəzərdə tutulmuşdur. Eyni zamanda, ölkəmiz Ümumdünya Əqli Mülkiyyət Təşkilatının folklor nümunələrinin qorunması haqqında Konvensiyasının tezliklə qəbul edilməsinin tərəfdarı olub və indi də belə bir beynəlxalq sənədin qəbul edilməsini vacib hesab edir.

Agentliyin İdarə Heyətinin sədri çıxışını yekunlaşdıraraq vurğuladı ki, “Hazırda rəqəmsal dövr çox şeyi dəyişdirib. Onun yaratdığı kontent bu gün, eyni zamanda, həm əsas məhsul, həm də rəqəmsal iqtisadiyyatın mənbəyi hesab olunur, eynilə rəqəmsal fayl kimi – bu, həm texnologiyadır, həm də istehsal yeri. Əqli mülkiyyətin dünyada bu günkü fəaliyyət konteksti onun yarandığı vaxtdan prinsipial olaraq fərqlənir. Yeni kontekst həm iqtisadiyyatda, həm də cəmiyyətdə əqli mülkiyyətin yerini dəyişdirərək, onu biliklərə əsaslanan iqtisadiyyatın dominantına, rəqəmsal cəmiyyətin vacib alətinə və mədəni irsin təhlükəsizliyinin təminatçısına çevirib. Əqli mülkiyyətin fəaliyyətinin  dəyişmiş konteksti, eyni dərəcədə, əqli mülkiyyətə və onun roluna olan münasibətdə bizim düşüncə tərzimizin dəyişməsini tələb edir”.

Salamlama və giriş nitqi ilə çıxış edən ÜƏMT-nin bölmə rəhbəri İlya Qripkov Azərbaycanda əqli mülkiyyət sahəsində aparılan işlərin ÜƏMT tərəfindən yüksək qiymətləndirildiyini qeyd edərək, bu sahədə Müəllif Hüquqları Aagentliyi ilə çox səmərəli əməkdaşlıq əlaqələrinin qurulduğunu vurğulamış və bu əməkdaşlığın gələcəkdə də yüksək səviyyədə davam etdiriləcəyinə ümid etdiyini bildirmişdir.

Sonra tədbirin Proqramında nəzərdə tutulan prezentasiyalar təqdim olunmuşdur. Müəllif Hüquqları Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov rəqəmsal mühitdə piratçılığa və kontrafaktçılığa qarşı mübarizə sahəsində Azərbaycan təcrübəsi barədə təqdimatla çıxış etmişdir.

ÜƏMT-nin bölmə rəhbəri İlya Qripkov ÜƏMT-nin göstərdiyi xidmətlərin ümumi icmalı barədə təqdimat etmişdir.

Konfransda “Müəllif hüquqlarına hörmətin aşılanması üçün maarifləndirmə tədbirləri” mövzusunda məruzə ilə çıxış edən ÜƏMT-in hüquq məsələləri üzrə müşaviri Tomas Dillon müəllif hüquqlarına hörmətin vacib məsələlərdən olduğunu və bunun üçün  maarifləndirmə yolu ilə cəmiyyətdə müvafiq mədəniyyətin formalaşmasının əhəmiyyətini və zəruri qanunvericiliyin  qəbulu və tətbiqini ön plana çəkdi.

 London Hakimlər Palatasının barrister-vəkili Qvillim Harbotl  isə “Müəllif hüquqlarının qorunması üzrə müasir məhkəmə təcrübəsi” mövzusunda məruzəsində Avropa İttifaqının sosial şəbəkələrdən istifadə sahəsində təcrübəsindən danışaraq, müəlliflik hüququnun, xüsusən də rəqəmli şəbəkələrdə qorunmasının zəruriliyi qeyd etdi.

Tədbirdə həmçinin 1 nömrəli Bakı İnzibati-İqtisadi Məhkəməsinin sədri Rəşad Rzayevin “Müəllif hüquqları sahəsində Azərbaycan məhkəmələrinin təcrübəsi” mövzusunda məruzəsi  və  Müəllif Hüquqları Agentliyinin Aparatının maliyyə-iqtisadi və təchizat şöbəsi müdirinin müavini Rüstəm Ağayevin kreativ industriyanın inkişafı ilə bağlı Azərbaycan təcrübəsi barədə çıxışı təqdim olundu.

Konfransın ikinci günü ÜƏMT-in Keçid iqtisadiyyatlı və inkişaf etmiş ölkələr üzrə Departamentinin bölmə rəhbəri İlya Qribkovun moderatorluğu ilə “Rəqəmsal mühitdə əqli mülkiyyət hüquqlarının müdafiəsi” mövzusunda “dəyirmi masa” keçirilmişdir. Masa çərçivəsində Qazaxıstan, Qırğızıstan və Özbəkistanın nümayəndələri öz dövlətlərində əqli mülkiyyət sahəsinin vəziyyəti və piratçılıq və kontrafaktçılığa qarşı aparılan mübarizə tədbirləri barədə çıxış etmişlər.

Sonra “dəyirmi masa” çərçivəsində müzakirələr davam etdirilmiş, iştirakçılar tərəfindən verilən çoxsaylı suallar cavablandırılmışdır.

 

 

15.12.2017-ci il