10-11 sentyabr 2018-ci il tarixlərində ABŞ-ın Ticarət Departamenti Kommersiya Hüququnun İnkişafı Departamenti (CLDP), ABŞ-ın Bakıdakı Səfirliyi, Ədliyyə Akademiyası, Əqli Mülkiyyət Agentliyinin birgə təşkilatçılığı ilə “Əqli mülkiyyət mübahisələrinin həlli” mövzusunda hakimlər üçün təlim keçilmişdir
12/09/2018
10-11 sentyabr 2018-ci il tarixlərində ABŞ-ın Ticarət Departamenti Kommersiya Hüququnun İnkişafı Departamenti (CLDP), ABŞ-ın Bakıdakı Səfirliyi, Ədliyyə Akademiyası, Əqli Mülkiyyət Agentliyinin birgə təşkilatçılığı ilə “Əqli mülkiyyət mübahisələrinin həlli” mövzusunda hakimlər üçün təlim keçilmişdir. Təlimdə birinci və apellyasiya instansiyası məhkəmələrinin ümumi və ixtisaslaşmış hakimlərindən ibarət olmaqla 19 nəfər iştirak etmişdir. Təlimin məqsədi əqli mülkiyyət hüquqi obyektlərinin mühafizəsi ilə bağlı Azərbaycan təcrübəsinin öyrənilməsi və ABŞ təcrübəsinin bölüşdürülməsi, xüsusilə məhkəmə qərarlarının müzakirəsi, əqli mülkiyyət hüquqi obyektlərinin dəyərinin müəyyənləşdirilməsi və bununla bağlı vurulmuş zərərin hesablanması məsələlərinə toxunulmuşdur.
Tədbir üzrə tərtib olunmuş proqrama uyğun olaraq Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri cənab Kamran İmanov çıxış edərək əqli mülkiyyət sahəsində respublikada baş vermiş son institusional dəyişikliklər barədə məlumat verərək, ölkə başçısının bu sahəyə verdiyi diqqəti, kreativ iqtisadiyyatın ölkənin ÜDM-də olan payının əhəmiyyətini bir daha vurğuladı. Sədr Agentliyin əqli mülkiyyət mübahisələri üzrə məhkəmə təcrübəsinin əhəmiyyətini qeyd edərək, “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” qanuna uyğun olaraq əqli mülkiyyət hüquqlarının pozulması ilə əlaqədar iddianı təmin etmək üçün məhkəmələr tərəfindən tətbiq olunmalı tədbirlərin (exparte), qəbul olunmuş məhkəmə aktlarının dərc olunmasının vacibliyini vurğuladı. Eyni zamanda mübahisələrə baxılmasının aylarla uzanmasının vətəndaşların və sahibkarların dövlətin hüquqi müdafiə mexanizminə etimadına xələl gətirə biləcəyini hakimlərin diqqətinə çatdırdı.
Açılışda çıxış edən ABŞ-ın səfiri vəzifəsini icra edən cənab William Gill ABŞ-ın Azərbaycanla əlaqələrinə verdiyi önəmi, xüsusilə əqli mülkiyyət sahəsində əməkdaşlığın vacibliyi məsələlərinə toxundu.
Ədliyyə Akademiyasının rektor vəzifəsini icra edən Elçin Xələfov çıxış edərək əqli mülkiyyət sahəsində hakimlər üçün daha öncə keçirilmiş təlimləri də vurğulayaraq əməkdaşlığın bundan sonra davam etdiriləcəyini bildirdi.
İki günlük təlim Ədliyyə Akademiyasının Vidadi küçəsi 158 ünvanında CLDP-nin nümayəndəsi Arezo Yazdın moderatorluğu ilə xarici ekspertlər ABŞ-ın 6-cı Apellyasiya Cəza Məhkəməsinin hakimi Bernice Donald, Florida Orta Əyalət Məhkəməsinin hakimi Virginia Covington və Əqli Mülkiyyət Agentliyinin adından yerli ekspert Patent və Əmtəə Nişanları Mərkəzinin Baş direktoru Günel Sevdimalıyeva tərəfindən keçirilmişdir.