Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyində qulluq keçən dövlət qulluqçularının etik davranış Qaydaları
Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyində qulluq keçən dövlət qulluqçularının etik davranış Qaydaları
Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sədrinin 2008-ci il 26 may tarixli 72 nömrəli əmri ilə təsdiq edilmişdir
Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyində qulluq keçən dövlət qulluqçularının etik davranış Qaydaları
I. Ümumi müddəalar
1.Bu Qaydalar «Dövlət qulluqçularının etik davranış qaydaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.2.8-ci maddəsinə uyğun olaraq və «Dövlət qulluqçularının etik davranış qaydaları haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 avqust tarixli 614 nömrəli Fərmanının 2-ci bəndinə əsasən hazırlanmış və Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyində (bundan sonra - Agentlik) qulluq keçən dövlət qulluqçularının etik davranış qaydalarını və onlara əməl edilməsi ilə bağlı təminatları müəyyən edir.
2.Dövlət qulluqçuları qanunun aliliyini, insan hüquqlarını, demokratik prinsipləri və yüksək etik davranış qaydalarını rəhbər tutaraq «Dövlət qulluqçularının etik davranış qaydaları haqqında» Azərbaycan Respublikası Qanununa və bu Qaydalara əməl etməyə borcludurlar.
II. Agentlikdə qulluq keçən dövlət qulluqçularının etik davranış qaydaları
1.Dövlət qulluqçusu şəxsin, cəmiyyətin və dövlətin maraqları naminə əmək və icra intizamına ciddi riayət edərək vəzifə funksiyalarını vicdanla , qərəzsiz və peşəkarlıqla yerinə yetirməyə və iş vaxtından səmərəli istifadə etməyə borcludur.
2.Dövlət qulluqçusu özünə qarşı tələbkar olmalı, öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətləri çərçivəsində, peşəkarlıq səviyyəsində yerinə yetirməli, daxil olan müraciətlərə və sorğulara qanunvericiliklə müyyən edilmiş qaydada və müddətə baxmalı, məsələləri qanunvericiliyə müvafiq olaraq araşdırmalı və səlahiyyəti çərçivəsində lazımi tədbirlərin görülməsini təmin etməlidir.
Dövlət qulluqçusu etik davranışı və öz peşəkar fəaliyyəti ilə Agentlik və dövlət orqanlarına hüquqi və fiziki şəxslərin inamını artırmalı və möhkəmləndirməlidir.
3.Dövlət qulluqçusu dövlət qulluğu ilə bağlı vəzifələrin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə Agentliyin nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir.
Dövlət qulluqçusu qanunvericiliklə dövlət qulluğu ilə bağlı nəzərdə tutulmuş məhdudiyyətlərə əməl etməlidir.
4.Dövlət qulluqçusu işə münasibətində şəxsi keyfiyyətləri, davranışı ilə kollektivdə xoş və qarşılıqlı işgüzar münasibətlərin qurulmasına köməklik göstərməlidir.
5.Dövlət qulluqçusunun fəaliyyəti insanların irqindən, milliyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarına, qanuni maraqlarının təmin olunmasına, qorunmasına və müdafiəsinə xidmət etməlidir.
6.Dövlət qulluqçusu hüquqi şəxslərin işgüzar nüfuzuna hörmətlə yanaşmalı və onların işgüzar nüfuzunu ləkələyə biləcək hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir.
7.Dövlət qulluqçusu bütün müəlliflərə, istifadəçi təşkilatların nümayəndələrinə o cümlədən birbaşa və yuxarı rəhbərliyi ilə və ya tabeliyində olan şəxslərə münasibətdə nəzakətli, xeyirxah, diqqətli, səbirli olmalı, digər dövlət qulluqçularına qarşı əsassız ittihamlar irəli sürməli, kobudluq və sərtlik hallarına yol verməməlidir.
8.Dövlət qulluqçusu xidmət zamanı işgüzar (rəsmi) üslubda geyinməyə üstünlük verməlidir.
9.Birbaşa və yuxarı rəhbər tabeliyində olan dövlət qulluqçusunun tutduğu vəzifəyə uyğun olaraq, üzərinə düşən məqsəd və funksiyalarının həcmini dəqiq və dürüst müəyyən etməli, habelə ona qanunsuz, etik davranış qaydalarına zidd olan, icrası mümkün olmayan tapşırıqları verməməli və onlardan xidməti vəzifələrdən kənara çıxan tapşırıqların yerinə yetirməsini tələb etməməlidir.
10.Dövlət qulluqçusu birbaşa və ya yuxarı rəhbərinin qanuna uyğun olan və səlahiyyətləri daxilindən qəbul etdiyi yazılı əmri, sərəncamı və ya verdiyi şifahi tapşırıqları yerinə yetirməyə borcludur.
Dövlət qulluqçusu birbaşa və ya yuxarı rəhbər tərəfindən ona verilən əmrin, sərəncamın və ya tapşırığın qanuna və ya digər normativ hüquqi akta zidd olmasına əmindirsə, bu barədə yazılı əsaslandırmanı birbaşa və ya yuxarı rəhbərinə taqdim etməlidir. O, birbaşa rəhbərindən bu əmr, sərəncam və ya tapşırığın yazılı şəkildə təsdiq olunmasını tələb etməlidir.
11.Dövlət qulluqçusunun qanunsuz olaraq maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlər (hərəkətsizlik) etməsi və ya qərarlar qəbul etməsi qadağandır.
Dövlət qulluqçusu onun hərəkətlərinin (hərəkətsizliyin) və ya qərarlarının maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə gətirib çıxarmasını istisna edən tədbirlər görməlidir.
Müəlliflərin müraciətlərinə baxılmasına, əsərlərin qeydiyyata alınması üçün təqdim olunmuş sənədlərin qəbuluna, şəhadətnamələrin verilməsinə və Agentliyə həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsnə görə xidmət göstərən dövlət qulluqçusu həmin xidmətə (xidmətlərə) görə hər hansı bir haqq və ya hədiyyə ala bilməz
Dövlət qulluqçusuna qanunsuz maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda, dövlət qulluqçusu onlardan imtina etməlidir. Maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər dövlət qulluqçusuna ondan asılı olmayan səbəblərdən verilərsə, o, bu barədə birbaşa rəhbərinə məlumat verməlidir.
12. Dövlət qulluqçusu qulluq etdiyi dövrdə maraqların toqquşmasına yol verməməlidir və qanunsuz olaraq öz vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməməlidir.
Dövlət qulluqçusunun xidiməti vəzifələri ilə onun şəxsi maraqları arasında ziddiyyətlər yarana biləcəyi hallarda, o, qanunvericiliyə müvafiq olaraq, dövlət qulluğuna qəbul olunduqda, habelə bundan sonrakı dövrdə həmin maraqların xarakteri barədə rəhbərliyə məlumat verməyə borcludur.
Dövlət qulluqçusu başqa işə keçmə ilə əlaqədar təkliflərin maraqların toqquşmasına səbəb ola biləcəyi hallarda, bu barədə Agentliyin sədrinə məlumat verməlidir.
13.Dövlət qulluqçusu istifadəsində olan dövlət əmlakından, maliyyə vəsaitlərindən, rabitə, kompyuter və digər kommunikasiya sistemlərindən, nəqliyyat vasitələrindən və digər maddi-texniki təchizat avadanlıqlarından qənaətlə və səmərəli istifadə etməlidir.
14.Dövlət qulluqçusu Agentliyə həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi zamanı əldə etdiyi məlumatları şəxsi maraqları üçün istifadə edə bilməz.
15.Qanunvericiliklə başqa qayda nəzərdə tutulmamışdırsa, dövlət qulluqçusu ictimai və ya siyasi birliyə üzv olmaq hüququna malikdir.
Dövlət qulluqçusunun ictimai və ya siyasi fəaliyyəti, yaxud ictimai və ya siyasi birliyə mənsubiyyəti onun xidməti vəzifələrini qərəzsiz və obyektiv yerinə yetirdiyinə ictimai şübhə doğurmamalıdır.
III. Agentlikdə etik davranış qaydalarının həyata keçirilməsinin təmin olunması
1.Agentlikdə qulluq keçən dövlət qulluqçusunun davranışının etik qaydalarına uyğunluğu onun özü, birbaşa və ya yuxarı rəhbəri tərəfindən müntəzəm təhlil edilir. Dövlət qulluqçusunun birbaşa və ya rəhbəri bu Qaydalarda nəzərdə tutulmuş tədbirləri görür.
Etik davranış qaydalarına əməl olunmasına nəzarəti Agentliyin sədri – xidməti qaydada həyata keçirir.
2.Etik davrpanış qaydalarının pozulması dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə həyata keçirir.
3.Aşağıdakı hallarda Agentliyin sədrinin göstərişi əsasında dövlət qulluqçusu barəsində intizam icraatına başlaya bilər:
«Etik davranış qaydaları» haqqında Azərbaycan Respublikası Qanununun və bu Qaydaların müddəalarının dövlət qulluqçusu tərəfindən pozulması barədə hüquqi və ya fiziki şəxslər tərəfindən şikayət və ya digər məlumatın verilməsi;
kütləvi informasiya vasitələrində dövlət qulluqçusu tərəfindən «Etik davranış qaydaları» haqqında Azərbaycan Respublikası Qanununun və bu Qaydaların müddəalarını pozması və maraqların toqquşmasına yol verilməsi barədə məlumatın dərc edilməsi.
4.Aparılmış intizam icraatının nəticələri Agentliyin sədrinə təqdim edilir. «Etik davranış qaydaları» haqqında Azərbaycan Respublikası Qanununun və bu Qaydaların müddəalarını pozmuş və maraqların toqquşmasına yol vermiş dövlət qulluqçusu barədə Agentliyin sədri tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş intizam tənbehi tədbiri tətbiq edilə bilər.