Ana səhifə / Agentliyin tabeliyində Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi / Əsasnamə
Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin tabeliyində Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin
Ə S A S N A M Ə S İ
1. Ümumi müddəalar
1.1. Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin tabeliyində Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi (bundan sonra - Mərkəz) Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin (bundan sonra - Agentlik) strukturuna daxil olmayan tabeliyində olan qurumdur.
1.2. Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, müəlliflik hüququ sahəsində Azərbaycan Respublikasının qanunvericilik aktlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi haqqında Əsasnamə”ni, Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarını, Agentliyin kollegiyasının qərarlarını, Agentlik üzrə əmr və sərəncamları, habelə bu Əsasnaməni rəhbər tutur.
1.3. Mərkəz fəaliyyətini Agentlik və digər dövlət orqanlarının aidiyyəti qurumları ilə əlaqəli həyata keçirir.
1.4. Mərkəz müstəqil balansa, qanunvericiliyə müvafiq olaraq sərəncamında olan dövlət əmlakına, bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə və blanklara malikdir.
1.5. Mərkəzin saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsindən ayrılmış vəsaitlər və qanunvericiliklə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.
1.6. Mərkəz Bakı şəhərində yerləşir.
2. Mərkəzin fəaliyyət istiqamətləri
2.1. Mərkəzin fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.2. əqli mülkiyyət hüquqlarının təminatı ilə bağlı səlahiyyətləri çərçivəsində tədbirlər görmək;
2.3. rəqəmli şəbəkələrdə əqli mülkiyyət hüquqlarının on-line lisenziyalı one-stop shops prinsipinə əsaslanan kollektiv idarəçiliyini təşkil etmək və zəruri hallarda əqli mülkiyyət hüquqlarının kollektiv əsasda idarə olunmasını həyata keçirmək;
2.4. Agentliyin əməkdaşlarının peşə biliklərinin təkmilləşdirilməsi, onların ixtisaslarının artırılması məqsədi ilə tədris-tematik planlar hazırlamaq və bu istiqamətlərdə işləri təşkil etmək, əhalinin əqli mülkiyyət sahəsində maarifləndirilməsində və əqli mülkiyyət mədəniyyətinin formalaşdırılmasında iştirak etmək;
3. Mərkəzin əsas vəzifələri
3.1. Mərkəz bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:
3.2. müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin (audiovizual əsər, фонограм, kompyuter proqramı, məlumat toplusu, kitab və s.) nüsxələrinin nəzarət markaları ilə təchiz olunmasını təmin edir;
3.3. bu Əsasnamənin 3.2-ci bəndində göstərilən müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin hazırlanmasının (istehsal edilməsinin) qanuniliyini müəyyənləşdirir, onların dövlət reyestrini aparır müvafiq məlumatları dərc edir.
3.4. kitablara, not yazılarına, dövri nəşrlərə, audiovizual əsərlərə, audio və ya videoyazılara beynəlxalq standart eyniləşdirmə nömrələrinin (ISBN, ISMN, ISSN, ISAN və ISRC) verilməsini təşkil edir;
3.5. rəqəmsal şəbəkədə əsərlərdən istifadənin monitorinqini aparır, kontent haqqında informasiya bankının yaradılması, formalaşdırılması, yeniləşdirilməsi və istifadəçilərin sorğularının eyniləşdirilməsi (identifikasiyası) ilə bağlı işlər görür və rəqəmləşdirilmiş əsərlərdən istifadəyə dair şərtləri razılaşdırır;
3.6. rəqəmli hüquqların idarəçiliyi üzrə məlumat bazası yaradır, texnoloji müdafiə tədbirləri, o cümlədən daxilolmaya və surətçıxarmaya riayət olunması üçün tədbirlər görür;
3.7. idarə olunan rəqəmsal kontentin hüquqi qorunmasını həyata keçirir, rəqəmli hüquqlardan istifadəyə icazə verir və kontent axtarışının xüsusi avtomatlaşdırma mexanizmini təmin edir;
3.8. “Hüquqların idarə edilməsi haqqında informasiya” və “müdafiənin texniki tədbirləri”nin standartlarının müəyyənləşdirilməsinə dair işləri həyata keçirir, qorunan elementlərə (rəqəmləşdirilmiş müəlliflik hüququ və əlaqəli hüquqların obyektlərinə) idenfikatorlar (rəqəmli kodlar) sisteminin daxil edilməsini təşkil edir;
3.9. əsərlərdən istifadəni “izləyir”, internet resurslarını və kontent axtarışını indeksləşdirir və istifadəçilər tərəfindən elektron ödəniş edildiyi hallarda, bu ödənişlərin qanunvericiliklə müəyyən edilmiş qaydada istifadəsini təmin edir;
3.10. əqli mülkiyyətin müxtəlif sahələri üzrə araşdırmalar aparır, ictimaiyyətin maarifləndirilməsi məqsədi ilə tədbirlər görür, o cümlədən əqli mülkiyyətlə bağlı ekspozisiyalar və dəyirmi masalar keçirir, bukletlər, bülletenlər, kitablar və digər nəşrlər buraxır, mütəxəssislərin əqli mülkiyyət üzrə bilik və təcrübələrinin artırılması üçün təlim kursları təşkil edir, müxtəlif beynəlxalq tədbirlərdə iştirak edir;
3.11. qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri həyata keçirir.
4. Mərkəzin hüquqları
4.1. Mərkəz öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:
4.2. bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar Agentliyin struktur bölmələrinə, digər dövlət orqanlarının aidiyyəti qurumlarına müvafiq qaydada sorğular göndərmək və məlumatlar (sənədlər) almaq;
4.3. vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, Agentliyin struktur bölmələrinin, həmçinin fiziki və hüquqi şəxslərin sorğuları əsasında rəylər vermək;
4.4. qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə müstəqil ekspertləri və mütəxəssisləri cəlb etmək;
4.5. iclaslar, elmi-metodiki konfranslar, seminarlar keçirmək, dövri nəşrlər təsis etmək, sahə üzrə dərs vəsaitləri hazırlamaq, mütəxəssislərin tədrisi ilə bağlı işlər görmək;
4.6. analoji qurumlarla, o cümlədən xarici ölkələrin alim və mütəxəssisləri ilə informasiya mübadiləsi aparmaq, fəaliyyət istiqamətlərinə uyğun olaraq beynəlxalq təcrübəni öyrənmək;
4.7. Mərkəzin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində Agentliyin sədrinə təkliflər vermək;
4.8. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
5. Mərkəzin fəaliyyətinin təşkili
5.1. Mərkəzə Agentliyin sədri tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən direktor rəhbərlik edir;
5.2. Direktor Mərkəzə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi üçün şəxsən məsuliyyət daşıyır.
Mərkəzin direktoru:
- Mərkəzin fəaliyyətini təşkil edir və ona rəhbərliyi həyata keçirir;
- müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Mərkəzin strukturunu və ştat cədvəlini təsdiq edilmək üçün Agentliyin sədrinə təqdim edir;
- Mərkəzin işçilərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi barədə Agentliyin sədrinə təqdimat verir;
- Mərkəzin işçiləri barəsində həvəsləndirmə və intizam tənbehi tədbirlərinin görülməsi barədə Agentliyin sədrinə təkliflər verir;
- Mərkəzin fəaliyyətinə dair və Mərkəzin əməkdaşları üçün icrası məcburi olan əmr, sərəncam və göstərişlər verir, daxili təşkilati-sərəncamverici sənədləri təsdiq edir, onların icrasını təşkil edir və icrası üzərində nəzarəti həyata keçirir;
- Mərkəzin struktur bölmələrinin əsasnamələrini təsdiq edir;
- Mərkəzdə kargüzarlıq işlərinin aparılmasını və Mərkəzin funksiyalarına uyğun olaraq məxfilik rejimini təmin edir;
- Mərkəzin fəaliyyəti barədə Agentliyin sədrinə aylıq, rüblük və illik hesabatlar təqdim edir və bu Əsasnamədə nəzərdə tutulan vəzifə və funksiyalara uyğun olaraq digər işləri görür.
5.3. Mərkəzin nəzdində Agentliyin Aparatı ilə razılaşdırmaqla mütəxəssislərdən ibarət Elmi-Texniki Məşvərət Şurası, həmçinin əsərin, əlaqəli hüquqların obyektinin, məlumat toplusunun və inteqral sxem topologiyasının orijinallığının müəyyən edilməsi məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada ödənişli əsaslarla ekspert qrupları yaradıla bilər.
(Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin 2012-ci il 07 sentyabr tarixli 2 nömrəli qərarı ilə təsdiq edilmişdir)