Copyright Agency of the Republic of Azerbaijan

Home page / What is copyright?

Müəlliflik hüququ nədir?

 

Müəlliflik hüququ – elm, ədəbiyyat və incəsənət əsəri müəlliflərinin hüquqlarını ifadə edən hüquqi termindir. Obyektiv mənada müəlliflik hüququ əsərlərin yaradılması və istifadəsi üzrə münasibətləri tənzimləyən hüquqi normaların məcmusudur və qorunma aləti kimi çıxış edir, subyektiv mənada isə öz-özlüyündə əsərlərin yaradıcılarına məxsus olan şəxsi (qeyri-əmlak) və əmlak (iqtisadı) hüquqlarıdır və bu hüquqlar müstəsna xarakter daşıyır. 

Müəlliflik hüququnun əqli mülkiyyət sistemində rolu

Əqli mülkiyyət hüquqları əqli fəaliyyət nəticələrinin qorunması məqsədi ilə onların müəlliflərinə və hüquq sahiblərinə verilən müstəsna hüquqlardır. Əqli mülkiyyət professional təcrübədə müəlliflik hüququ, əlaqəli hüquqlara, ənənəvi mədəniyyət nümunələri – folklor, inteqral sxem topologiyaları, məlumat toplularına olan hüquqlara, həmçinin özündə ilk növbədə patentləri, əmtəə nişanları və coğrafi göstəriciləri birləşdirən sənaye mülkiyyətinə olan hüquqlara bölünür. Azərbaycan Respublikasının Konstitusiyasının 30-cu maddəsinə əsasən, “Hər kəsin əqli mülkiyyət hüququ vardır. Müəlliflik hüququ, ixtiraçılıq hüququ və əqli mülkiyyət hüququnun başqa növləri qanunla qorunur”.
Müəlliflik hüququ əqli mülkiyyət sisteminin ən zəngin və geniş yayılmış əqli nəticələrinə - əsərlərə olan hüquqlardır. 

Müəlliflik hüququ ilə qorunan obyektlər hansılardır?

Müəlliflik hüququ ilə qorunan obyektlər - ədəbi əsərlər, məsələn, elmi nəşrlər, romanlar, poemalar, pyeslər, məlumat nəşrləri, qəzetlər və jurnallar, kompüter proqramları, məlumat topluları və multimedia məhsulları, filmlər və digər audiovizual əsərlər, musiqi və xoreoqrafiya əsərləri, təsviri sənət əsərləri, məsələn, rəsmlər, cizgilər, fotoşəkillər və heykəllər, memarlıq əsərləri, həmçinin reklam rəsmləri, coğrafi xəritələr və çertyojlar və s. ola bilər. 

Müəlliflik hüququnun əhəmiyyəti nədən ibarətdir?

Müəlliflik hüququnun daimi olan mədəni-humanitar əhəmiyyəti mövcuddur, çünki cəmiyyətin aldığı xeyir və fayda bu hüquqların tanınmasının başlıca səbəbidir. Müəllif hüquqlarının qorunması – mədəni irsin qorunub saxlanması, mədəni dəyərlərin cəmiyyətdə geniş yayılması və yeni yaradıcılıq nəticələrinin meydana çıxmasına şərait yaradır. Bununla yanaşı, müəlliflik hüququnun böyük iqtisadi potensialı vardır. Müəlliflik hüququ son illər iqtisadi inkişafın vacib aləti kimi çıxış edir və digər əqli mülkiyyət hüquqlari ilə birgə “biliklərə əsaslanan iqtisadiyyatin” əsas amilinə, tərkib hissəsinə və ən vacib qeyri-maddi aktivlərinə çevrilmişdir. Yalnız müəlliflik hüququna əsaslanan sənayenin payı dünya iqtisadiyyatında 7,3 % (5 faiz illik artımla) təşkil edir.

Müəlliflərin hansı əmlak hüquqları vardır?

Müəlliflik hüququ ilə qorunan əsərlərin müəlliflərinin şəxsi (qeyri-əmlak) hüquqlarla yanaşı, müstəsna əmlak hüquqları vardır. Onların əsərdən istifadə etməyə, yaxud razılaşdırılmış şərtlərlə əsərdən istifadə hüququnu digər şəxslərə verməyə müstəsna müəllif hüququ vardır. Əsərin müəllifi aşağıdakılara icazə verə və ya qadağa qoya bilər:

  • əsərin birbaşa və ya dolayısı yolla surətini çıxarmaq (surətçıxarma hüququ);
  • əsərin orijinalını və ya nüsxələrini satış, yaxud mülkiyyət hüququnun başqa cür verilməsi yolu ilə yaymaq (yaymaq hüququ);
  • əsərin orijinalını və ya nüsxələrini kirayəyə vermək (kirayə hüququ); 
  • əsərin nüsxələrini (o cümlədən müəllifin, yaxud əsərə müstəsna müəlliflik hüquqlarının sahibinin razılığı əsasında istehsal edilmiş nüsxələri) yaymaq məqsədi ilə idxal etmək (idxal hüququ);
  • əsəri kütləvi nümayiş etdirmək (kütləvi nümayiş hüququ);
  • əsəri kütləvi ifa etmək (kütləvi ifa hüququ);
  • kütləyə çatdırılması məqsədi ilə əsərin kütləvi bildirişi (verilişin efirlə və ya kabellə kütləvi bildirişi daxil olmaqla (kütləvi bildiriş hüququ);
  • əsərin kütləyə çatdırılması üçün onun ilk və ya sonrakı bildirişləri də daxil olmaqla efirlə kütləvi bildirişi (efirlə kütləvi bildiriş hüququ);
  • kütləyə çatdırmaq üçün ilk və sonrakı bildirişlər də daxil olmaqla əsərin kabellə (kabel, naqil və ya digər oxşar vasitələrlə) bildirişi (kabellə kütləvi bildirişi hüququ);
  • əsəri interaktiv istifadə üçün kütləyə çatdırma (interaktiv kütləvi bildiriş hüququ);
  • əsəri tərcümə etmək (tərcümə hüququ);
  • dəyişdirmək, aranjeman etmək, yaxud başqa formada yenidən işləmək (yenidən işləmək hüququ) və s.

Əmlak hüquqları müəllifin istəyi ilə digər fiziki və ya hüquqi şəxsə keçə bilər. Müəlliflik hüququ ilə qorunan bir çox elm, ədəbiyyat və incəsənət əsərlərini (məsələn, çap nəşrlərini, səsyazmalarını, filmləri) kütləyə, o cümlədən, rabitə vasitələri ilə çatdırmaq lazım gəlir. Bunun üçün isə maliyyə vəsaitləri tələb olunur. Buna görə də müəlliflər çox vaxt öz əsərlərinə olan istifadə hüquqlarını, müəyyən mükafat müqabilində ayrı-ayrı şəxslərə və ya şirkətlərə satırlar. Belə mükafatın miqdarı çox vaxt əsərdən faktiki istifadənin həcmindən asılı olur, mükafatın özü isə bu halda royalti adlanır. 

Müəlliflik hüququ insan hüquqları ilə nə cür təmasdadır?

“İnsan hüquqları haqqında Büynəlxalq Bill”in tərkib hissəsi olan “İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt”da (1966) qeyd olunur ki, hər bir şəxsin “müəllifi olduğu hər hansı elmi, ədəbi, yaxud bədii əsərləri ilə bağlı yaranan maddi və mənəvi maraqlarının qorunmasından istifadə etmək” hüququ tanınır. Yaradıcılıq hüququ insanların bənzərsizliyini təsdiqləyən ayrılmaz azadlıq hüququdur. Müəlliflik hüququ insanın vacib mədəni hüquqlarından biri kimi yaradıcılıq prosesinə müdaxilə etmədən onun nəticələrini qorumaqla şəxslərin azad yaradıcılıq nəticələrini qoruyur. 

Müəlliflik hüququnun qorunma müddəti nə qədərdir?

“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsinə əsasən, müəlliflik hüququ əsərin yaradılması ilə yaranır, müəllifin bütün həyatı boyu və bu Qanunun 26-cı maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, onun ölümündən sonra 70 il müddətində qüvvədə qalır. Bu cür qorunma müddətləri müəlliflərə və onların vərəsələrinə münasib vaxt ərzində iqtisadi fayda götürməyə imkan verir. Müəlliflik hüququnun tərkib hissəsi olan əmlak hüquqlarının qorunmasının müddətli olması müəllif və cəmiyyətin maraqları arasında balans axtarışının, yaradıcılığın stimullaşdırılması və cəmiyyətin biliklərə və mədəniyyətə sərbəst qovuşması tarazlığının nəticəsidir. 
Müəlliflik hüququ çərçivəsində, həmçinin şəxsi (qeyri-əmlak) hüquqlarının qorunması, məsələn, əsərin müəllifi kimi tanınmaq hüququ, əsərdə müəllifin şərəf və ləyaqətinə xələl gətirən hər hansı bir dəyişikliklərin aparılmasına qarşı çıxmaq hüququ və s. nəzərdə tutulur. Bu hüquqların qorunmasına zaman məhdudiyyəti qoyulmur. 

Əlaqəli hüquqlar nədir?

Müəlliflik hüququ ilə qorunan əsərlərin kütləyə çatdırılması adətən xüsusi vasitəçilərlə - ifaçıların, fonoqram istehsalçılarının və yayım təşkilatlarının fəaliyyəti nəticəsində mümkün olur. Bu vasitəçilərin hüquqlarına əlaqəli hüquqlar, yəni müəlliflik hüququ ilə təmasda olan hüquqlar deyirlər. Son illər ərzində əlaqəli hüquqlar sahəsi sürətlə təşəkkül tapmağa başlamışdır. Əlaqəli hüquqlar müəllif hüququ ilə qorunan əsərlərin ətrafında formalaşmışdır və analoji, lakin çox vaxt həcm və müddətlərə görə daha məhdud qorunma verir. Əlaqəli hüquqlar aşağıdakılara şamil olunur:

  • ifaçılara (artistlərə və musiqiçilərə) onların ifalarına münasibətdə);
  • fonoqram istehsalçılarına (onların səsyazmalarına (məsələn, kasetlərdə və kompakt disklərdə yazılanlar) münasibətdə);
  • efir yayımı təşkilatlarına (onların radio və televiziya verilişlərinə münasibətdə).

Əlaqəli hüquqların əsas xüsusiyyəti müəlliflik hüququndan törəməsi və ondan asılı olmasıdır, bu səbəbdən əlaqəli hüquqlar müəlliflik hüququna riayət etməklə tanınır. 

Müəlliflik hüququnun qorunması və təminatı nə üçün vacibdir?

Kiminsə hüququ – digərinin vəzifəsi deməkdir və müəlliflik hüququ ilə verilən qorunma imkanları, o cümlədən, müəllif tərəfindən hüquqlarının həyata keçirilməsi, həyata keçirilməsinə icazə verilməsi və istifadəyə qadağa qoyulması müəlliflik hüququ institutunun üç budağını yaradır:

  • hüquqların qorunması;
  • hüquqların həyata keçirilməsi;
  • hüquqların təminatı (pozulmuş hüquqların müdafiəsi və bərpası).


Müəlliflik hüququ və əlaqəli hüquqlar müəllifləri və hüquq sahiblərini tanımaqla və ədalətli qonorar formasında stimullaşdırmaqla yaradıcılığın inkişafına zəruri şərait yaradır. Bunlar qanunvericilik, normativ hüquqi baza və müvafiq prosedurlarda öz əksini tapır və hüquqların qorunması aləti kimi çıxış edir. Hüquqların həyata keçirilməsi üçün dövlət müəlliflərə yardım göstərir və şərait yaradır, hətta zəruri hallarda bu iş dövlət orqanları tərəfindən həyata keçirilir. 
Bəzi hallarda yaradıcılıq məhsulunun sahiblərinin çoxu tərəfindən öz əmlak hüquqlarının idarə edilməsi, xüsusən ədəbi və musiqili əsərlərə, həmçinin ifalara istifadə hüquqlarının qloballaşdırılması nəzərə alınmaqla, qeyri-mümkündür və kifayət qədər vəsait tələb edir. Nəticədə bir çox ölkələrdə hüquqların kollektiv əsasda idarə edilməsi üzrə təşkilatlar və ya cəmiyyətlər meydana gəlir və onların yaranması getdikcə daha da genişlənir. Bu cəmiyyətlər öz üzvləri olan müəlliflər üçün onların əsərlərindən istifadəyə görə royaltilərin yığılması və bölüşdürülməsi üzrə xidmətlər göstərirlər. 
Müəllif hüquqlarının təminatı xüsusi hüquq sistemi çərçivəsində tənzimlənir və hüquqların pozulması müəllif tərəfindən müəyyən addımların atılmasını tələb edir. 
Bununla yanaşı müvafiq hallarda hüquqların pozulmasına qarşı dövlətin kütləvi-hüquqi üsullardan istifadə etməsi mümkündür. 
Bütövlükdə müəlliflik hüququ sistemi əqli mülkiyyət hüququ sisteminin ən geniş qoludur, sonuncu isə milli hüquqi doktrinaya əsaslanan mülkiyyət anlayışını tamamlayır və beləliklə “maddi” mülkiyyət hüququnu tamamlayan mülkiyyət hüququdur.
Müəlliflik hüququ sahəsində dövlətin rolu getdikcə artır və ənənəvi qanunverici və tənzimləyici ölkədaxili və beynəlxalq funksiyaları ilə yanaşı, yeni koordinasiya və nəzarət funksiyasına xüsusi diqqət yetirilməsinə səbəb olur. 
Hüquqların təminatı sistemi qeyri-qanuni surətçıxarmadan və ya piratçılıqdan ehtiyat etmədən müəllif əsərlərinin yayılmasına təminat verir. Bu isə, öz növbəsində, dünya ictimaiyyətinə mədəni dəyərlərdən, biliklərdən daha sərbəst istifadə etməyə imkan yaradır, həmçinin onların daha yüksək keyfiyyətini təmin edir. 

Müəlliflik hüququ son texniki nailiyyətlərdən necə istifadə edir?

Son on illikdə müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsi elmi və texniki nailiyyətlərin tətbiqi nəticəsində sürətlə inkişaf edir ki, bu da peyk rabitəsi və s. yeni informasiya texnologiyaları kimi qlobal rabitə vasitələrinin köməyi ilə əsərlərin yaranmasının yeni üsullarını işləyib hazırlamağa imkan vermişdir. Son vaxtlar əsərlərin internet vasitəsi ilə yayılması imkanı yaranmışdır ki, bu da müəlliflik hüququ qarşısında yeni problemlər qoymuşdur. İnformasiya texnologiyaları obyektlərinin əksəriyyəti müəlliflik hüququ ilə qorunur və digər tərəfdən istifadə nəticəsində müəlliflik hüququnun təkmilləşdirilməsini zəruri edir. Kiberməkanda müəllif hüququnun qorunmasının yeni normalarının işlənib hazırlanması məqsədilə ÜƏMT “Müəlliflik hüququ haqqında” və “İfalar və fonoqramlar haqqında” Müqavilələr (“ÜƏMT-nin İnternet Müqavilələri”) qəbul etmişdir. Göstərilən müqavilələrdə İnternet və digər rəqəmli şəbəkələrdə yaradıcılıq məhsuluna icazəsiz daxil olmanın və onlardan qeyri-qanuni istifadənin qarşısını alan beynəlxalq normalar vardır. 
Azərbaycanın milli müəllif-hüquq qanunvericiliyi və normativ hüquqi baza, “İnformasiya texnologiyaları – əqli mülkiyyət” (İT-İP) əlaqəsi şəraitində hüquqların qorunması və həyata keçirilməsinə şərait yaradır. 


Müəlliflik hüququ necə tənzimlənir?

Müəlliflik hüququnun qorunması hər hansı bir rəsmiyyətçilikdən asılı deyildir. Yaradıcılıq məhsulunun qorunması əsərin yaranması anından başlanır. Azərbaycanın milli qanunvericiliyi müəyyən ölkələrdə olduğu kimi, əsərlərin rəsmi qeydiyyatının mümkünlüyünü nəzərdə tutur. Bu imkan müəlliflərin və hüquq sahiblərinin maraqlarını müdafiə etmək məqsədi ilə dövlət tərəfindən təşkil olunur və əsərini qeydiyyatdan keçirən şəxslər üçün əlverişli şərait yaradır. Müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin könüllü qeydiyyat mexanizminin mahiyyəti və onların inkişafına tələbat ilk növbədə onunla diqtə olunur ki, qeydiyyat icra və məhkəmə hakimiyyəti orqanları tərəfindən həyata keçirilən hüquqların qorunması və hüquqların müdafiəsi arasında çox vacib körpü yaradır.

Audiovizual əsərlərə müəlliflik hüququ necə qorunur?

Audiovizual əsərlərin tam tirajlı filmlərdən başlayaraq videoklip və reklam videorolikinə qədər qorunmasının xüsusiyyətləri vardır. İlk növbədə bunlar belə əsərlərin çoxşaxəliliyindən, mürəkkəbliyindən və tərkibli hissələrdən ibarət olması ilə əlaqədardır. Çünki audiovizual əsər bir-biri ilə əlaqəli olub hərəkət təsəvvürü doğuran və müxtəlif texniki qurğuların köməyi ilə görmə (eşitmə) qavrayışı üçün nəzərdə tutulub, təsvirlər silsiləsindən ibarət olan əsərdir. Bu əsərlərə ilk növbədə kinomatoqrafiya əsərləri və onlara bənzər vasitələrlə ifadə edilmiş digər əsərlər aiddir. Audiovizual əsərlərin müəlliflərinin (şərikli müəlliflərinin) hüquqları qanunla qorunur. 
Quruluşçu rejissor, ssenari müəllifi, quruluşçu rəssam, quruluşçu operator və xüsusi olaraq audiovizual əsər üçün yaradılmış musiqili əsərin (mətnli, yaxud mətnsiz) müəllifi (bəstəkar) audiovizual əsərin müəllifləri hesab olunur.
Audiovizual əsərin ssenarisinin hazırlanmasında istifadə olunmuş, yaxud audiovizual əsər üzərində iş prosesində yaradılmış və ya audiovizual əsərin tərkibinə hissə kimi daxil edilmiş əsərin müəllifi öz hissəsinə münasibətdə audiovizual əsərin müəllifi sayılır.
Öz əsərinin audiovizual əsərin tərkibinə daxil edilməsinə razılıq vermiş əsər müəlliflərinin audiovizual əsərin istifadəsini qadağan etmək və ya hər hansı şəkildə məhdudlaşdırmaq hüququ yoxdur.
Audiovizual əsərin yaradılmasına dair müəlliflərlə filmin istehsalçısı (prodüseri arasında) bağlanmış müəllif müqaviləsində başqa hal nəzərdə tutulmadıqda, müəlliflər tərəfindən bu müqaviləyə əsasən audiovizal əsərin istehsalçısına (prodüserinə) həmin əsərin surətinin çıxarılması, yayılması, kütləvi ifası, kütləvi nümayişi, kabel televiziyası ilə kütləvi bildirişi, efirə verilməsi və ya hər hansı başqa şəkildə kütləvi bildirişi, həmçinin mətnin subtitrləşdirilməsi və dublyaj edilməsi üçün müstəsna hüquqlar verilmiş olur. Göstərilən hüquqlar audiovizual əsərə müəlliflik hüququnun qüvvədə olduğu müddətdə qüvvədə qalır.
Audiovizal əsər istehsalçısının həmin əsərdən hər hansı şəkildə istifadə olunarkən özünün və ya təşkilatın adını göstərmək, yaxud göstərilməsini tələb etmək hüququ vardır.
Xüsusi olaraq audiovizual əsər üçün yaradılmış musiqili əsərin (mətnli, yaxud mətnsiz) müəllifi audiovizual əsərin kütləvi ifası zamanı öz musiqili əsərinin kütləvi ifasına görə müəllif qonorarı almaq hüququnu saxlayır.
Audiovizual əsərin müəlliflərinin audiovizual əsərin orijinalının və ya nüsxələrinin kommersiya məqsədilə kirayəyə verilməsinə və ya digər üsullarla istifadə edilməsinə görə qonorar almaq hüququ vardır. Həmin qonorar bu əsərə hüquq sahibi və ya əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlarla istifadəçi arasında bağlanmış müqavilədə nəzərdə tutulan şərtlərə uyğun olaraq odənilir.


Məlumat üçün Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinə (AzRMHA) müraciət edin.

Ünvan: Bakı şəhəri, Ü. Hacıbəyov, 40, Hökumət evi, 
Telefon: (99412) 493-39-44. Fax: 498-10-28.
E-mail: mha@copag.gov.az