Azərbaycan Respublikası	Müəllif Hüquqları Agentliyi

İnnovasiyalı inkişafda əqli mülkiyyətin qorunması məsələləri müzakirə edilib


30.10.2018

 

https://azertag.az/xeber/Innovasiyali_inkisafda_eqli_mulkiyyetin_qorunmasi_meseleleri_muzakire_edilib-1209567

 

 

Oktyabrın 30-da Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və UNESCO-nun "İnformasiya hamı üçün" proqramı ilə birgə əməkdaşlıqda "İnnovasiya həftəsi 26-30 oktyabr" çərçivəsində "İnnovasiyalı inkişafda əqli mülkiyyətin qorunması məsələləri" mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini Əli Abdullayev çıxış edib. Bildirib ki, müasir inkişaf prosesləri yüksək texnologiyalarla bilavasitə bağlıdır. Azərbaycanda hər bir sahədə innovasiyaların tətbiqi vacibdir. Rəqəmsal mühitdə əqli mülkiyyətin qorunması, müəlliflərin qorunması aktual məsələdir.

Sonra Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun "İnnovasiyalı inkişaf və əqli mülkiyyət" mövzusunda məruzəsi dinlənilib.

İnnovasiyalı inkişafın əqli mülkiyyətlə vəhdətini, konfransın əhəmiyyətini xüsusi vurğulayan Kamran İmanov qeyd edib ki, yaşadığımız “biliklər cəmiyyəti”ndə, texnologiyaların sıçrayış dövründə və innovasiyaların "rəqəmsal imperativ" zamanında innovativ inkişaf elə tədqiqatlardan alınan biliklərin və texnologiyaların, investisiyaların və əqli mülkiyyətin yaratdığı insan kapitalının ekosistemidir.

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində Azərbaycanın müasir çağırışlara cavab verən, islahatlarla zəngin olan və gələcəyə yönəldilən inkişaf modeli formalaşıb. Bu model biznes mühitinin inkişafını, sərmayə qoyuluşunun stimullaşdırılmasını, innovasiyalara açıq olan və sosialyönümlülüyü nəzərə alan yeni iqtisadiyyat modelidir. Azərbaycan yeni iqtisadi siyasətinin mühüm qolu – innovativ inkişafa qədəm qoyur, qeyri-neft sektorunu inkişaf etdirir, şaxələndirməni uğurla həyata keçirir, "Made in Azerbaijan" brendini təşviq etdirir. Ölkəmiz qısa müddətdə böhran vəziyyətini arxada qoyaraq, iqtisadi artımla dinamikaya malik olub və təsadüfi deyil ki, 2018-ci ilin Davos İqtisadi Forumunun rəqabətqabiliyyətlilik indeksinə əsasən 35-ci yerdə qərarlaşıb. Tamamilə yeni metodika ilə aparılan 2018-2019-cu illər üzrə hesabatda isə Azərbaycan 69-cu yerdə qərarlaşaraq infrastruktur, təhsil və bacarıqlar və biznesin dinamikliyi kimi 3 indikator üzrə mövqelərini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. "Təsisatlar" sütununa daxil olan "Əqli mülkiyyətin qorunması" göstəricisi üzrə Azərbaycan 4.8 bal yiğaraq 36-cı yerdə qərarlaşıb (ötən il 37-ci yeri tutmuşdu). "Əqli mülkiyyətin qorunması" göstəricisi üzrə Azərbaycan MDB dövlətləri arasında 1-ci yer tutur və müvafiq olaraq Ermənistandan 30, Gürcüstandan isə 54 pillə irəlidədir və Cənubi Qafqaz ölkələri arasında liderdir. "İnnovasiya" mövqeyi müəyyən dərəcədə əqli mülkiyyətlə əlaqəlidir. Azərbaycan "İnnovasiya" mövqeyi üzrə müvafiq olaraq 85-ci yerdə olan Gürcüstanı və 87-ci yerdə olan Qazaxıstanı qabaqlayaraq 71-ci yeri tutur. Bu mövqe üzrə Rusiya Federasiyası (36-cı yer) və Ukrayna (58-ci yer) liderlik edirlər.

Azərbaycanın "İnnovasiya" mövqeyi üzrə göstəricilərinin yaxşılaşmasına bu mövqeyə daxil olan patent və ticarət markaları sahələrində fəallığın yüksəldilməsinə yönəlmiş tədbirlər kömək etməlidir. "Patent ərizələri" və "Əmtəə nişanlarına ərizələr" göstəricilərinə görə Azərbaycan, müvafiq olaraq, 87-ci və 101-ci yeri tutur. Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanlarına əsasən, yeni yaradılmış Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyində hazırda bu istiqamətdə, həm də elmi nəşrlərin H-indeksi istiqamətində işlər görülür.

Konfrans panellərlə davam edəcək. Birinci paneldə "İnformasiya cəmiyyəti və yeni çağırışlar", "Rəqəmsal mühitdə müəllif hüquqlarının qorunması problemləri", "İnnovasiyalı inkişafda əqli mülkiyyətin qorunması", "Elmi tədqiqatların nəticələrinin kommersiyalaşdırılması mexanizmləri", "Kreativ iqtisadiyyatın inkişafdakı rolu" mövzularında çıxışlar ediləcək.

İkinci paneldə "Elektron ticarətdə əqli mülkiyyət", "Texnologiyaların transferi və kommersiyalaşdırılması məsələləri", "Rəqəmsal iqtisadiyyat şəraitində əqli mülkiyyətin kommersiyalaşdırlması məsələləri", "Yüksək texnologiyalar sahəsində patent alınması", "Açıq məlumatlar və onlardan istifadə hüquqları" mövzularında çıxışlar dinləniləcək.









Onlayn Konsultasiya -

Onlayn Konsultasiya

?